Videonun müddəti: 26:35 Baxış: 27K Əlavə edilib: 2022.03.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

MTN generallarına 8 milyon dollar rüşvət verən məşhur iş adamı!İndi müflisdir və vaqonda yaşayır!

#tvmusavat #xəbər #reporter MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır-gerçək hekayət Həbsinə qədər İbrahim Zeynalov Azərbaycanda tanınan, adlı-sanlı iş adamlarından olub. Yolu MTN zindanında girovluqdan keçən bir çox iş adamları kimi İbrahim Zeynalovun da həyatı alt-üst olub. Həbsinə qədər zavod, fabrik, sexlərin və bir çox varidatın sahibi olan İbrahim Zeynalov hazırda bəlkə də Allahın da unutduğu, yolu-izi itmiş bir kəndin kənarında, vaqonda yaşayır. Ayaqlarında problemlər var. Deyir ki, Eldar Mahmudovun bandası ilə üz-üzə gələndən sonra həyatı zəhərə dönüb. Övladlarını, həyat yoldaşını itirib. Ümidini isə itirmir. Neftçalanın mərkəzindən 2-3 kilometr aralıda yerləşən Kürkənd kəndindəki vaqonda ona qarşı cinayət törədənlərin cəzalandırılacağı günü gözləyir. *** İbrahim Zeynalov danışır: “2008-ci ilin 19 dekabrı idi. Evimə gəldilər, məni MTN-ə apardılar. Bir də oradan 7 ay 17 gün sonra çıxdım. Məni MTN-ə aparmazdan ay yarım əvvəl o zaman deputat olan Ziyad Səmədzadə ilə bir söhbətimiz olmuşdu. Ziyad mənim evimin daimi qonaqlarından olub, çörək kəsmişdik, dostluq eləyirdik. Həmişə cibinə pul qoyurdum. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edirdim. Qızıl saat verirdim, xaricə səfərləri zamanı gediş-gəlişinin pulunu ödəyib, xərclik verirdim. Yadıma düşmüşkən, bunu da deyim. Bir gün də Ziyad Səmədzadə gəldi ki, bəs bir akademik var, Əhməd Mahmudov, onun kitabını çıxarmaq lazımdır. Kitabın çapı üçün 25 min dollar pul istədi, verdim. Dedi ki, kitabı Almaniyada çap etdirəcək. O zaman Əhməd Mahmudovun kim olduğunu bilmirdim. Sadəcə, Ziyad istəmişdi deyə, o pulu vermişdim. Bir müddət sonra gəldi, mənə kitabı və kitabın təqdimatına dəvətnaməni verdi. Sözün düzü, işim başımdan aşırdı, kitabın təqdimatına gedə bilmədim. Ziyad Səmədzadə ilə münasibətlərim çox yaxşıydı deyə, evimin içinə gəlib gedirdi deyə, mənim işlərim haqda da məlumatı vardı. Hətta qızının villasını da təmir elətdirmişdim. Mən Almaniyadan xalça toxuyan makinanı sifariş edəndən sonra bankdan kredit götürmək istəyirdim. Ziyad Səmədzadə də dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də, mənə kredit verməmişdilər. Ziyad Səmədzadə deyəndən sonra həmin 3 milyon manatı ayırdılar. İlk vaxtlar kreditdən imtina etmək istədim, düşündüm ki, öz imkanlarımı tam səfərbər edib fabriki quraram. Ziyad Səmədzadənin israrlarından sonra gedib o krediti götürdüm. 10 faizini də qaytarıb Ziyad Səmədzadəyə verdim. Fabrik işə düşəndən sonra Ziyad Səmədzadə gəldi ki, fabrikin 51 faizini mənim adıma keçir. Razılaşmadım, aramızda narazılıq oldu. Dedi ki, sənin başına oyuna açacağam. Heç ağlıma gəlməzdi ki, o, mənə qarşı belə bir naxələflik edər. Məni tutdurar, sifariş edər! Məni MTN-ə aparandan sonra bir qadın üzümə durdu. Həmin qadına dedirtdilər ki, guya mən ondan 1250 manat rüşvət almışam. Həmin vaxt formal olaraq Prezident Administrasiyasının təsərrüfatlarından birinin rəhbəri idim. Mənim bu vəzifəyə heç ehtiyacım yox idi. Oranı mənə sırf ayağa qaldırmaq, təsərrüfatı bərpa etmək üçün vermişdilər. İş adamı idim, zavodum, fabrikim, sexlərim və başqa bizneslərim vardı. Bu qadın da iddia eləyirdi ki, guya ondan 1250 manat rüşvət almışam. Mövlam Şıxəliyev, Yasin Məmmədov o qadını mənim üzümə dayandırmışdılar. 7 ay 17 gün məni o şər ittihamla həbsdə saxladılar. Mövlam Şıxəliyevin oğlu Elgün torpağa özü gəlmişdi. Məni gördü, dedi ki, bağda qonşu olmuşuq, biz sənin maşınlarına həmişə həsrətlə baxmışıq. Düz deyirdi. Biznesimdən əldə etdiym gəlirlərlə yaxşı maşınlar alıb sürürdüm. Məni MTN-ə aparanda maşınımı da aparmışdlar. Maşından Dubaydan 7 min dollar aldığım təsbehi, 888 nömrə nişanını da oğurlamışdılar. O zaman mənim bağ evim olanda, Mövlam Şıxəliyevin yaxınlıqda balaca bir daxması vardı. Oğlu da məni o zamandan tanıyırmış. Torpağı Yasinlə ölçüb-biçib öz aralarında böldülər. Mövlamın oğlu Elgün badam ağaclarının altında oturub badamdan sındırb yeyir, mənim maşınlarımdan ağızdolusu danışırdı. O torpağı da onlara təhvil verdim. Qızım da, oğlum da hədələrdən keçirdikləri streslərə görə vaxtsız dünyalarını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, dünyasını dəyişdi. Mən həbsdən çıxandan sonra 1 evim qalmışdı. Onu da dostuma verdim. Çünki həbsdə olduğum zaman uşaqlarıma gətirib 2 milyon dollar pul vermişdi. Ondan sonra da evsiz qaldım. Belə qərara gəldim ki, Neftçalaya köçüb burada yaşayım. Bu vaqon bibim oğlunundur, mənə yaşamağa verib. 280 manat pensiya alıram. Allahın bu gününə şükür eləyirəm. Mövlam Şıxəliyevin, Yasin Məmmədovun mənə qarşı etdiklərinə görə cavab verdikləri günü mənə nəsib etdi. Ayaqlarım ağrıyır, amma onların məhkəməsinə mütləq gələcəyəm. Üzlərinə, gözlərinin içinə baxmaq istəyirəm..." *** Elşən MƏMMƏDƏLİYEV, FOTOLAR müəllifindir “Yeni Müsavat”
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics