Videonun müddəti: 46:23 Baxış: 292 Əlavə edilib: 2022.09.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rasim Məmmədovdan Əvəz Zeynallı açıqlaması - Hüquq müdafiəçisi Çingiz Qənizadə ilə CANLI

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilmiş “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəmə prosesi keçirilir. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda R.Məmmədov sərbəst ifadə verib.

İş adamı “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının onu və ailə üzvlərini təhdid etdiyini, pul tələb etdiyini açıqlayıb. “Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir, məni və ailəmi şantaj edərək, pul tələb edir. İndi şükür Allaha, gəlib oturub qonşuluqda, ağlı başına gələr.
Mən onunla bağlı rəsmi qaydada şikayət irəli sürürəm. Əvəz məndən Türkiyə xüsusi xidmət orqanlarına şikayət edib”, - R.Məmmədov deyib. Dövlət ittihamçısı Rasim Məmmədovun dediklərinə münasibət bildirərək, bu məlumatlarla bağlı iltizam tətbiq edilməli olduğunu bildirib: “İttiham olunan şəxs cinayət tərkibi olan məlumatlar verdi. Bunlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir”.

Azərbaycan Baş Prokurorluğu sentyabrın 5-də "Tərtər işi" ilə bağlı yeni məlumat yayıb. Qurum bildirib ki, bu iş yenilənəndən (2021-ci il dekabr) işgəncəyə və digər qanunsuzluqlarla bağlı 288 şəxs zərərçəkmiş qismində tanınıb: "…Ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib".
Bildirilib ki, Təmkin Nizamioğlunun işgəncələr nəticəsində xəstəxanada vəfat etməsi barədə sübutlar toplanıb, meyiti ekshumasiya edilib: "Keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunub".
Açıqlamada bu işlə bağlı yeni həbslərdən bəhs edilir. Qeyd olunub ki, Bəkir Orucov (general-mayor), Ramil Əhmədov və Rahib Məmmədov həbs edilib. Onlar işgəncə və başqa ağır cinayətlərdə ittiham edilir. Əlavə edilir ki, hazırda cəza çəkən bəzi hərbi qulluqçulara da əlavə ittihamlar verilib.
Həbslər mövzusunda gündəmdə olan digər hadisə “Xural” TV rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun rüşvət ittihamı ilə saxlanmasıdır. Hazırda onlar DTX təcridxanasındadır.

Baş Prokurorluq məlumat yayıb ki, Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Kateqoriyalar: Həftə içi