Videonun müddəti: 11:32 Baxış: 313 Əlavə edilib: 2022.09. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənilərin qoyduğu “sürpriz”lər – Laçında nələr baş verir? – Geniş reportaj

Arzuların çin olduğu, ermənilərin “iz” qoyduğu Laçın...

Sentyabrın 1-i digər media nümayəndələri ilə işğaldan azad edilmiş Laçın şəhərinə və şəhərin Zabux, Sus kəndlərinə səfərimiz oldu.

Əvvəlcə Şuşaya, oradan da gedirik Laçına… Necə gözəl səslənir, Şuşadan Laçına gedirik… Hərəkət etdiyimiz yoldan ermənilər də istifadə edirlər. Sülhməramlıların müşayiəti ilə Laçına çatırıq.

Burada ən çox eşitdiyimiz cümlə, “ehtiyatlı olun, minalar var” idi. Şəhərin yeni nəzarətə götürüldüyü hər cəhətdən hiss edilirdi. Ərazi ermənidən təmizlənsə də, onlardan geri qalan “izlər” hələ də Laçında var. Məsələn, küçələrdə erməni dilində elanlar, lövhə və divar yazıları var idi. Bu yazılar qısa müddət ərzində ləğv ediləcək, Laçının küçələrində doğma dilimizdə olan elanlar yazılacaq. Təbii ki, əsas erməni “izi” bu deyil, minalardır.

Evlərdə, evlərin həyətlərində minalar qurublar. Necə, harada gəldi minaları düzüblər ki, zərər verə bilsinlər. Yaşayış yerlərində “sürpriz” adlanan üsullarla partlayıcılar qurublar. Qapılara bağlanmış, əşyaların altında gizlədilmiş qumbaralar bu sinfə aiddir. Kimsə qapını açanda, hansısa əşyanı qaldıranda partlasın deyə onlarla belə “sürpriz” qurulub.

Jurnalistlərin ərazidə çəkiliş aparması üçün onlara minatəmizləyən əsgərlər təhkim edilmişdi. Onlar ilk olaraq əraziyə daxil olur, hər ehtimal axtarış aparır, onların “təmizdir” sözündən sonra jurnalistlər əraziyə, evə daxil olurdular. Mina təmizləyən əsgərlərdən biri deyir ki, son bir neçə gün ərzində təkbaşına 50-yə yaxın mina təmizləyib və hələ də işlərə davam edir.

Təbii ki, ermənilər bunu yaxın günlərdə ediblər. Rahat şəkildə minaları əraziyə daşıyıblar, çirkin əməllərini həyata keçiriblər. Bu daşınma prosesinə isə deyəsən Rusiya sülhməramlıları, sadəcə tamaşa etməklə kifayətləniblər. Bu “tamaşa” ermənilərə kömək etmək deməkdir. Rəsmi məlumatlara görə, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən təkcə avqustun 15-dən 31-nə qədər 1318 ədəd PMN-Э növlü mina aşkar edilib. Həmin minalar Vətən müharibəsindən sonra, 2021-ci ildə Ermənistanda istehsal olunub.

Hərbi ekspert Ədalət Verdiyev də bu səfərdə iştirak edirdi. Arxamıza Laçın şəhərini alıb, ekspertə suallar ünvanladıq.

Müsavat TV-yə Laçının strateji əhəmiyyətindən danışan ekspert bildirdi ki, ərazidəki bütün yüksəkliklər artıq bizim ordumuzun nəzarəti altındadır və bu da bizim nəzarət imkanlarımızı artırır: “Ətrafımızda, əsasən, strateji yüksəkliklərdir. Bu yüksəkliklərdə Azərbaycan Ordusu yerləşir. Laçın və ətraf rayonlarda təhlükəsizlik təmin edilir. Hətta daha artığını deyərdim ki, Laçın ərazisində yerləşən mövqelərimizdən biri artıq Ermənistan ərazisində Gorus-Qafan yolu ilə hərəkət edən yola və Ermənistana aid hərbi texnikalara, silahlara və digər vasitələrə nəzarət edir”.

Bundan başqa, şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələriylə, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləriylə yaxından tanış olduq. Bir neçə gündür Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin mərkəzində xidmətə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov media nümayəndələrinə açıqlamasında bildirdi:
“Qısa müddət ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər azad olunan ərazilərdə olduğu kimi burada da xidmət edən hərbi qulluqçularımızın sosial məişət şəraiti ən yüksək səviyyəyə çatdırılacaq”.

Zabuxda ermənidən qalan “iz”…
Laçının mərkəzindən çıxıb Zabux kəndinə yollandıq. Burada onlarla bir-birinə bənzəyən evlər tikilib. Ağaclar əkiblər, özlərinə şərait qurublar. Yəqin ki, uzun illər yaşamağı düşünüblər, amma planları baş tutmadı. Erməni ailələri kəndi tərk edən zaman bir neçə evi yandırmağa cəhd ediblər. Amma bunu da tam bacarmayıblar. Evlərdən apara bildikləri əşyaları daşıyıblar. Qapıları belə yerindən söküblər. Şüşələri apara bilmədikləri üçün sınıdırıblar. Və təbii ki, adətlərinə sadiq qalaraq özləri ilə unitazlarını da aparıblar. Bütün bunlarla yanaşı oğurlaya, özləri ilə apara bilmədikləri üçün təbiətimizə zərər veriblər. Meşələrimizə od vurublar, yandırmağa, məhv etməyə çalışıblar.

Təbii ki, əgər erməni torpaq işğal edibsə orada öz “izini” bir yolla qoymalıdır. Məhv etmək, dağıtmaqla yanaşı, minalarını da evlərə düzüblər. Burada dinc sakinlər yaşayırdılarsa minaları əraziyə kim düzüb? Mülki paltarda olan terrorçular barəsində düşünmək, onlara bu şəraiti quran “sülh” tərəfdarlarına suallar vermək lazımdır!

Sus ay erməni, sus... Sus artıq bizdədir, öz sahiblərində...
Zabuxdan keçirik, Sus kəndinə... Sus kəndi Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Xut Zabux olan kənd XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı kimi fəaliyyət göstərib, mövqeyinə görə Zabox (Zabux) adlanıb. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən Sadmanlı kəndləri də həmin adla adlandırılıb. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Şahbuz, Gorus, Laçın, Şuşa və Xankəndi yoluna yaxın olduğu üçün Sus kəndi strateji əhəmiyyət daşıyır. Ona görə də, kəndin geri alınması olduqca vacib idi. Burada kənddən demək olar ki, heç nə qalmayıb. Ermənilər kəndi məhv etməklə məşğul olublar. Kənddə yerləşən evlər, inzibati binaların hamısı erməni vandalları tərəfindən dağıdılıb. Kənd ərazisindəki beton zavodunu da dağıdaraq yerlə-yeksan ediblər.

Sus kəndi ilə birgə bizim səfərimiz yekunlaşır. Yenə eyni yolla, sülhməramlıların müşayiəti ilə Şuşaya doğru hərəkət etdik, Zəfər yolu ilə Bakıya qayıtdıq.

Sülhməramlısız, öz torpağımızda heç kimdən icazə almadan Xankəndiyə gedəcəyimiz günün arzusu ilə növbəti reportaja qədər…

Məhəmməd Türkmən
Elçin Əkbərov
Laçın
Kateqoriyalar: Reportaj