Videonun müddəti: 3:13 Baxış: 343 Əlavə edilib: 2022.08.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Şabranın meşələri belə yanıb - EKSKLÜZİV görüntülər -VİDEOREPORTAJ

Rayonun əsasən Dağbilici, Zöhramı kəndləri böyük zərər görüb, hektarlarla meşələr, ağaclar yanıb; həmçinin tikililər, evlər, kombayn və digər texnikalar da sıradan çıxıb - iki əsas səbəb var...
...Laçında, Zabuxda meşələrin niyə yanmasının, daha doğrusu, yandırılmasının sadə səbəbini bilirsiniz - erməni barbarlığı, erməni cinayəti, erməni şərəfsizliyi. Və bu ekoloji terroru həyata keçirən xainlər torpaqlarımızdan cəhənnəm olub getmələrinə sayılı günlər qalmış meşələrimizə də od vururlar, onlar üçün tikilən evlərə də. Kəsəsi, Laçında meşələrin yandırılmasının səbəbini bildik, bəs, Şabranda və digər ərazilərdə meşələr niyə yanır? El arasında gəzən söz-söhbətlər, meşələrin qəsdən yandırılması haqda səslənən iddialar realdırmı? Bunu niyə etsinlər ki? Əgər Şabran, Siyəzən, Quba, Qəbələ meşələri həqiqətən yandırılırsa, burada məqsəd nədir, hansı mənfəət güdülə bilər?

Ötən həftənin sonu yolumuz Şabrana düşdü və bütün bu hadisələri, yayılan müxtəlif iddiaları yerindəcə öyrənmək fürsətimiz oldu, nəticədə həm müşahidə etdiklərimiz, həm yerli camaatın dilindən çıxan sözlər əsasında meşə yanğınlarının səbəblərini dəqiqləşdirməyə çalışdıq. Düzdür, artıq Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, yanğınlar tam söndürülüb, amma Şabranın baş çəkdiyimiz kəndlərində bir neçə gün ərazində davam edən yanğınlar geniş əraziləri əhatə edib, təbiətə, kəndlilərə genişmiqyaslı zərər vurub. Təkcə yanan meşələr olmayıb, həmçinin, tikililər, evlər, kombayn və digər texnikalar külə dönüb, təsərrüfatla dolanan kasıb əhaliyə ziyan dəyib. Üstəlik, yanğınlar mürəkkəb relyefi olan ərazilərdə baş verib və bu da söndürülməsini bir qədər çətinləşdirib.

Bizim Şabranda getdiyimiz yanğınlar olan ərazilər əsasən Dağbilici, Zöhramı, Pirəbədil və digər kəndlər idi. Artıq həmin ərazilər yanıb külə dönüb, ayaq basdığımız meşəliklərdə torpaqdan kül qalxırdı. Yolboyunca sağ və sol meşə olan ərazilərdə ağacların hamısı yanıb, hektarlarla yaşıllıq məhv olub. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb. Yerli sakinlər danışırlar ki, yanğınların geniş əraziləri əhatə etməsinin bir neçə səbəbi var: havanın isti və güclü küləkli olması, elektrik naqillərindən qopan qığılcımların otların üstünə düşməsi və vətəndaşların məsuliyyətsizliyi.

Həqiqətən də biz Şabranda olanda fasiləsiz əsən güclü külək var idi. Dağbilici kənd sakinlərinin sözlərinə görə, külək yanğını daha da alovlandırır, qızışdırır və böyük ərazilərə yayılmasına səbəb olur. Bundan başqa, meşələrin içində saysız-hesabsız şüşə qablara rast gəldik ki, onlar da yanğın törədirlər. Çünki günəş şüaları şüşənin üzərinə vurur, onu qızdırır və alovlanmasına səbəb olur. Ona görə təbiətə dəyən bu böyük zərəri iki amillə əlaqələndirmək olar: külək və ehtiyatsızlıq. Ancaq bütün hallarda insanlarda bir şübhə var və onlar soruşurlar ki, hər nə qədər küləkli hava olsa da, gəzməyə gələn vətəndaşlar məsuliyyətsizlik edib içki şüşələrini meşələrə tullasalar da, yenə hektarlarla ərazi yanıb külü havaya sovrulmalı deyildi.

Onlar ehtimal edirlər ki, yanğınların törəməsi bəzilərinin işinə yarayır - boş ərazilərdə hotellər, obyektlər tikmək üçün kimlərinsə yaşıllıqları yandırmaq könlündən keçə bilər. Amma bu, Şabranda gəzən söz-söhbətlər və ehtimal üzərində qurulan nəzəriyyələrdir. Faktiki olaraq, meşələr, tikililər, flora və fauna böyük fəlakət yaşayıb. Yanğınlardan ən çox ziyan çəkən Şabranın Dağbilici kəndi olub. Kənddə azı 15 ev təsərrüfatına irili-xırdalı zərər dəyib. Dağbilici sakinləri deyirlər ki, isti külək yanğını vaxtında söndürməyə imkan verməyib. Nəticədə ot tayaları, tövlələr yanıb. Yanğınların ziyan verdiyi ərazilərdə yaşayan insanlar ümid edirlər ki, dövlətin onlara maddi dəstək verəcək. Biz əraziləri gəzərkən FHN-in yanğınsöndürən maşınının da ərazidə olduğunu gördük. Yanğınsöndürənlər keşikdə dayanmışdılar və əgər hər an bir qığılcım olarsa, qarşısını almağa hazır idilər. Amma ümumilikdə böyük meşə sahələri, ağaclar külə dönüb. Sakinlər deyirlər ki, əgər gövdəsi yanmayıbsa, onların yenidən yaşamasına ümid var...

Ekoloq Fikrət Cəfərovun Şabranda baş verən meşə yanğınları ilə bağlı söylədiklərinə görə, 90-95 faizi insan faktoru ilə bağlıdır. F.Cəfərov əhalinin təbiətlə davranış mədəniyyətinin çox da yüksək olmadığını qeyd edib: “Müşahidələr göstərir ki, ölkəmizdə meşə yanğınları yol olan yerlərdən başlayır. Məsələn, yolla gedən avtomobillərdən yanan siqareti yol kənarına atırlar. Aydındır ki, isti havada siqaret yol kənarında quru ot üzərinə düşür və yanğın baş verir. Digər bir faktor taxıl biçəndən sonra fermerlər tərəfindən samanın yandırılmasıdır. Bu da tarlaların ətrafında olan meşələrdə yanğına səbəb olur. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri taxılla birbaşa məşğul olan insanlara bununla bağlı xəbərdar edirlər. Lakin hazırda turizm mövsümüdür, insanlar meşələrə, çay kənarlarına istirahətə yollanır, kabab bişirir, ocağı söndürmür və bu da sonradan yanğına səbəb olur. Bir sözlə, Azərbaycanda yanğınlar birbaşa insan davranışı ilə bağlıdır. Təbii faktorlarla yanğınlar demək olar, baş vermir”. Ekoloq yanğınların qəsdən törədilməsi ilə bağlı fikirlərin həqiqətə uyğun olmadığını bildirib: “Son günlərdə baş verən yanğınları təhlil edərkən, qəsdən törədilmə ilə bağlı heç bir əsas olmadığı üzə çıxır. Çünki yanğınlar yaşayış yerlərindən uzaqda, əsasən, insanların istirahət üçün getdiyi ərazilərdə baş verir ki, bu da ehtiyatsız, məsuliyyətsiz davranışdan irəli gəlir”. F.Cəfərov meşələrin bərpası ilə bağlı məsələyə də diqqət çəkib: “Yanğından sonra meşələrinin bərpası çox gec olur. Ən azı 10-15 il vaxt çəkir. Meşələrimiz Böyük və Kiçik Qafqaz dağlarının ətrafındadır. Lazım olan vaxtda yağışlar yağmır. Yəni meşələrin təbii artımı, bərpası çox çətindir. Ancaq 5-6 ilə insanların köməyilə bərpası mümkündür. Bu da böyük vəsait tələb edir. Lakin meşələrin bərpası üçün qulluq daimi olmalıdır. Digər tərəfdən, yanğınlar səbəbindən həddindən artıq toksiki qazlar və toz əmələ gəlir. Bu da insanların sağlamlığına təsir edir. Kənd təsərrüfatı sahələri də sığortalanmalıdır. Belə yanğın hallarında sığorta kəndlinin, sahibkarın pulunu ödəməlidir. Lakin hələ ki bizdə belə hal yoxdur”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Şabran-Bakı
Kateqoriyalar: Reportaj