Videonun müddəti: 14:29 Baxış: 159 Əlavə edilib: 2023.01.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənilər qaçmağa hazırlaşır - TƏLAŞ pik həddə - detallar “Canlı”da

Laçın-Xankəndi yolunda 34 gündür davam edən aksiya, daha doğrusu, yola “xalq nəzarəti” Qarabağdakı erməni əhalinin deyil, Ruben Vardanyan və Araik Arutunyan kimi kriminal-separatçı ünsürlərin nəfəsini yavaş-yavaş kəsməkdədir. Bunu boyunlarına almasalar da. Gah blokadadan danışan, gah da əks fikirlər söyləməklə gülməli duruma düşən bu avantüristlərin təsəlliedici çağırışlarına artıq yerli ermənilər də şübhə etməyə başlayıb.

Aksiya isə Azərbaycan Prezidentinin söylədiyi kimi, öz hədəflərinə çatanadək davam edəcək. Hansı hədəflər, bunu “Şeytan yuvası”nda kök salan cinayətkarlar hamıdan yaxşı bilir. Özlərini o yerə qoymasalar da, xam xəyallarla yaşasalar da, özlərindən yalançı qəhrəman düzəltməyə çalışıb sərsəm bəyanatlar versələr də, ətrafdakı mühasirə aybaay daralır.

“Dünya Azərbaycanın belə hərəkətini qəbul etməyəcək. Hər halda, biz evimizdən çıxmayacağıq. Artsaxda əsas ərzaq məhsulları var, aclıq başlamayıb, amma uşaqlar normal qidalanmır. Bizim uzun illər doldurduğumuz anbarlar var. Həm də unutmayın ki, Artsax zəngin ölkədir (?! - red.). Yaxşı ətimiz və taxılımız var. Yəni bizdə əsas ərzaq məhsulları var, aclıq yoxdur, amma bütün ərzaq məhsulları mövcud deyil”.
Bunu oyuncaq rejimin qondarma “dövlət naziri” R.Vardanyan son müsahibələrinin birində söyləyib.

Dərmanlara gəlincə, Vardanyan deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əhaliyə müəyyən yardımlar edilir: “Lakin problemlər davam edir. Azərbaycanlılar Qırmızı Xaç təşkilatının heyətini buraxırlar. Yəni demək istəyirlər ki, baxın, yol açıqdır, Qızıl Xaç keçir. Yerdə qalanların isə pasportları yoxlanılır və səfərlərinin səbəbi sorğulanır. Bu, bizim üçün qəbuledilməzdir”, - köhnə əyyamın xiffətini çəkən erməni oliqarx-dələduz vurğulayıb.

Ardınca isə o, ənənəvi yalan-palanlarına güc verərək, Azərbaycanı hədələyib və heç vaxt reallaşmayacaq “çəhrayı arzu”sunu dilə gətirib: “Azərbaycan çətin seçim (?! - red.) qarşısındadır. O, 120 min insanı (?! - red.), o cümlədən 30 mini uşağı (?! - red.) öldürməli olacaq. Azərbaycan bütün bunların əvəzini təkcə öz əsgərlərinin həyatı ilə deyil, dünyanın belə bir hərəkəti qəbul etməyəcəyi ilə də ödəyəcək. Hər halda, biz evimizdən çıxmayacağıq. Azərbaycan liderləri başa düşməlidirlər ki, əgər həqiqətən də regionda sülh yaratmaq istəyirlərsə, hər iki tərəf üçün məqbul olan təkliflər verməlidirlər. Həll yolu isə çox sadədir: onlar etiraf etməlidirlər ki, Artsax və onun sakinləri müstəqil yaşamağa öyrəşiblər və onlar elə-belə Azərbaycanın vətəndaşı olmayacaqlar”.

Vardanyan həmçinin Qarabağdan Ermənistana “alternativ yol”un olduğunu bildirib, hansı yolla ki, onun iddiasına görə, Xankəndi əhalisi üçün Ermənistandan yanacaq, ərzaq və dərman gətirilir: “Yəni blokada 100% deyil. Bizim də öz ”həyat yolumuz" var ki, bu da bəzi dərman və ərzaq gətirməyə imkan verir".

Qeyd edək ki, Xankəndidən çıxanda Kərkicahan yolu ilə 3 km-dən sonra Xəlfəli kəndi, 5 km sonra Şırlan kəndidir. Şırlan kəndini qalxandan sonra solda Laçının Fingə kəndindən yeni Xankəndi-Gorus yoluna çıxır. Bizim aksiya keçirən ekofəallar isə bu yolun 30-40 km-dədir. Sarıbaba yüksəkliyi Azərbaycan Ordusu tərəfindən azad ediləndən sonra bütün bu yollara həmin postlardan nəzarət imkanı var. Yəni separatçıların əlavə yollardan istifadə etməsi Azərbaycan tərəfinin xəbəri olmadan mümkün deyil.

Göründüyü kimi, R.Vardanyan faktiki əhali üçün blokada rejiminin mövcud olmadığını etiraf edir. Bəs alternativ yol nə demək? Qarlı-şaxtalı qışda bu necə mümkün ola bilər? Kreml “tulası” nəyə işarə vurur? Görəsən, 2-ci yol doğrudan da mövcuddur?

Bu və gündəmdəki bir çox sualları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert-jurnalist Elşad Paşasoyla müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Gündəm