Videonun müddəti: 33:31 Baxış: 119 Əlavə edilib: 2023.01.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Zakir Həsənovdan Orduya “HAZIR OL” əmri gəldi – CANLI

Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsi zamanı Ordunun xidməti-döyüş fəaliyyətinin, eləcə də aparılan hərbi islahatların yüksək qiymətləndirildiyini vurğulayan nazir, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib.
General-polkovnik Z.Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar verib.

Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi, onların düzgün istismarı və effektiv tətbiqi məqsədilə mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması məqsədilə təhsil sahəsində aparılan islahatlar geniş müzakirə edilib. Bu istiqamətdə görülən işlərin intensivliyinin artırılması ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib.

Qış tədris dövründə döyüş hazırlığının xüsusiyyətlərini müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri qış aylarında, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinin, o cümlədən təminat yollarının və rabitə-kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini qeyd edib.

Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də plana uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırılıb.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Orduda keçiriləcək silsilə tədbirlər şəxsi heyətin döyüş ruhunun daha da yüksəlməsində mühüm rol oynayacağını bildirən nazir ideoloji iş və mənəvi-psixoloji təminat istiqamətində fəaliyyətlərin yüksək keyfiyyətlə həyata keçirilməsi barədə müvafiq vəzifəli şəxslərə göstərişlər verilib.

Gündəlik fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, hərbi qulluqçulara, xüsusilə xidmətə yeni qəbul edilən gənc əsgərlərə diqqət və qayğı ilə yanaşılması, onların mövsümi xəstəliklərdən qorunması məqsədilə aparılan tibbi-profilaktik tədbirlərə nəzarətin daha da gücləndirilməsi tapşırılıb.

Sonda qoşun xidmətinin təşkili, eləcə də hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verilib.


TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspertlərlə nazirin tapşırığını müzakirə edir.
Kateqoriyalar: Həftə içi