Videonun müddəti: 1:05:04 Baxış: 232 Əlavə edilib: 2023.01.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

“200 min dollar verdik, 2 milyon tələb etdilər” - Talıbovun “Flaminqo” dəhşətinin qurbanı “CANLI”da

Son günlər yerli mətbuatda Bakı şəhərində yerləşən və əslən Naxçıvandan olan iş adamına məxsus məşhur “Flaminqo” restoranı ətrafında müxtəlif fikirlər səsləndirilir. Vasif Talıbovun 2008-ci ildə bu restoranı zorla sahibinin əlindən aldığı bildirilir.
Həmin vaxt restoranın icraçı direktoru olan və baş verən hadisələrə canlı şahidlik etmiş Nizami Ələkbərov TV Müsavatın “Canlı debat” verilişində bütün bu hadisələrin detallarını danışacaq.

Onun azinforum.az-a verdiyi müsahibədə aşağıdakı detal diqqət cəlb edir: ““Cənab sədr deyir ki, 200 min dollar verməlisən!”

2008-ci ilin noyabr ayında Cəmil bəyi nəsə bikef gördüm. Bunun səbəbini soruşduqda mənə dedi ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Qasım adlı bir şəxs ona zəng edib, deyib ki, “Cənab Sədr (Vasif Talıbov) deyir ki, Naxçıvanın elektrik enerjisinə borcu yaranıb, Naxçıvanın bir övladı kimi 200 min dollar da sən kömək etməlisən”. Cəmil bəy bunun zarafat olduğunu zənn edib və deyib ki, “Cənab sədr deyirsə, boynumuz qıldan incədir”. Bir həftə sonra həmin şəxs yenidən zəng edərək, sözügedən vəsaitin taleyi ilə maraqlanmağa başlayıb. O, pulun mütləq çatdırılmalı olduğunu bildirib.

Bu tip danışıqlar 1 həftə davam etdi və sonda Cəmil bəy artıq zənglərə cavab verməməyə başladı. Günlərin birində özünü Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən həmin Qasım adlı şəxs başqa bir nəfərlə obyektə gəlib, onun harada olduğunu soruşdu. Mən onlara Cəmil bəyin harada olduğunu bilmədiyimi dedim və getdilər. 10 gün sonra Qasım adlı şəxs yanında bir nəfərlə gəldi və yenidən həmin vəsaiti istəyərək, Cəmil bəyin yerini soruşdu. Biz sonra həmin polislərlə nahara yollandıq və bu zaman onlara zəng gəldi. Bu iki şəxs mənə dedilər ki, “Sən Cəmil bəyin harada olduğunu bilirsən və bunu bizdən gizlədirsən. Ona görə də bizimlə birlikdə Bakıdakı Daxili İşlər Nazirliyinə getməlisən”.

Mən içkili olduğum üçün onlara sabah gələcəyimi dedim və səhər tezdən DİN binasının arxa girişində oldum. Telefonu yoxladılar və məni sorğu-sual etdilər. Heç nə bilmədiyimi başa düşdükdən sonra məni sərbəst buraxdılar. Həmin günün axşamı saat 7 radələrində Qasım adlı DİN əməkdaşı mənə zəng edərək, bir restorana dəvət etdi. Deyilən yerə getdim və orada Cəmil bəyin qardaşı Nağını gördüm. Orada çox qalmadım və evə qayıtdım. Yenə həmin gün axşam saat 12 radələrində mənə zəng gəldi və həmin əməkdaş gülərək mənə dedi ki, “Dur gəl Qaraçuxura, Cəmil bəygildə tut arağı içirik”. Səhər yaxın bir tanışımın vasitəsilə öyrəndim ki, Cəmil bəyi Naxçıvana aparıblar”.
Bizimlə söhbətində N.Ələkbərov bütün detallara aydınlıq gətirəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat