Videonun müddəti: 1:03:22 Baxış: 240 Əlavə edilib: 2022.12.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Laçın yolundakı aksiya dayandırılır? – Rusiya separatçılara göz ağartdı – İlham İsmayılla “Canlı”

Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların etiraz aksiyası 16-cı günə keçdi. Bir sıra dövlətlərdən, ermənipərəst çevrələrdən səslənın haqsız tələblərə rəğmən, Azərbaycan öz prinsipial mövqeyində qalır. Çünki hər şeydən öncə bu bizim “qırmızı xətti”mizdir.

“Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar”.

Prezident İlham Əliyev bu sözləri dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.

“Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir”, - deyə Prezident vurğulayıb.

Laçın yolundakı vəziyyətin bu gün təhrif edilmiş tərzdə təqdim olunduğunu bildirən dövlət başçısı həmçinin deyib: “Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”.
Bakının haqlı mövqeyi ilə Rusiya da hesablaşmaq zorundadır. Söz düşmüşkən, ötən həftəsonu Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı Rusiya XİN başçısı Sergey Lavrov Qarabağda Bakının monitorinq tələbi haqda danışarkən etiraf elədi ki, anlaşma məhz separatçılar tərəfindən pozulub.
Sitat: “On gün əvvəl Rusiya sülhməramlılarının vasitəçilik səylərinin nəticəsində ictimai rəyi sakitləşdirmək üçün bir qrup ekoloqun mədənlərdən birinə səfərlərinin təşkili barədə razılıq əldə olundu. Lakin biz çox təəssüf edirik ki, bu razılaşma Azərbaycan tərəfinin və Rusiya sülhməramlılarının təqsiri olmadan pozuldu. Qarabağ rəhbərliyi belə bir nümayəndə heyətinin rayon ərazisinə gəlməsinə icazə vermək istəmədi”.
Laçın-Xankəndi yolundakı etiraz aksiyası fonunda Lavrovun bu açıqlaması mühüm olması və aksiyaya dolaysıyla haqq qazandırması ilə yanaşı, Ermənistanda az qala panika qarışıq isterika yaradıb. Doğrudur, belə bir açıqlamanı son zamanlar Ermənistanda Rusiya əleyhinə güclənən ovqata cavab da saymaq olar. İstənilən halda, bu açıqlamanın davamı nə olacaq? Rusiya Bakının tələbini ermənilərə nəhayət, qəbul etdirə biləcəkmi? Bəs separatçılar yenidən əngəl yaratsalar, onda necə, Moskvanın növbəti addımı nə olacaq?
Əlavə edək ki, srağagün separatçılar bir qrup erməni sakininin Azərbaycan ekofəallarının aksiya keçirdiyi məkana doğru yürüşünü təşkil ediblər. Lakin azərbaycanlıların yolu bağladıqları yerdə Rusiya sülhməramlıları onların qarşısını kəsib. Erməni qaynaqlarının iddiasına görə, sülhməramlılar onlara dekabrın 26-da “Laçın yolunun tam açılacağı” haqda vəd veriblər. “Sülhməramlılar yolu bağlamışdılar, konflikt yaranmasın deyə, bizi ora buraxmadılar. Amma bizə bildirdilər ki, 26 dekabrda Rusiyada vacib görüş keçiriləcək, bu görüşdən çox şey asılıdır. Yol da o vaxt açıla bilər”, - erməni mediası yazıb.
Ehtimal edilir ki, “Rusiyada keçirilən vacib görüş” deyəndə 26-27 dekabrda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti nəzərdə tutulur. Sammitdə Nikol Paşinyanın da iştirakı gözlənilir.
Belədirmi? Doğrudanmı aksiya bu gün dayandırılır? Moskvadakı sammitə nələr gözlənilir?
Kateqoriyalar: Canlı debat