Videonun müddəti: 1:15:40 Baxış: 9.8K Əlavə edilib: 2022.04.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sensasion və cəsur açıqlamalar verən iş adamı ‘’CANLI DEBAT’’da! Sevinc Telmanqızı sorğulayır!

Azərbaycanda tanınmış iş adamı, ölkənin ən böyük tikinti şirkətlərindən biri olan AAAF İnşaat MMC-nin rəhbəri Tofiq Heydərov çox ilginc açıqlamalarla çıxış edir. Özünün sosial şəbəkə hesabında ard-arda yaydığı açıqlamada iş adamı bildirir ki, təsis etdiyi şirkətlər indiyədək Azərbaycanın regionlanlarında idman və digər sahələrin inkişafına 500 milyon manatdan artıq sərmayə cəlb edib: “On minlərlə iş yerlərinin açılması, idmanda qazanılan uğurlar və dövlət büdcəsinə külli-miqdarda ödənilən vəsaitlər bizim işlərin uğurlu alınmasından xəbər verir. Bu uğurlar heç də hər zaman asan başa gəlmir. Bəzən qarşılaşdığımız problemlər həllini tapmayanda yeni layihələrin ərsəyə gəlməsi sual altında qalır və biznesin inkişafına böyük zərbələr dəyir”. Təsis etdiyi şirkətlərdən biri olan AAAF İnşaat MMC-nin qarşılaşdığı problemləri yazan T.Heydərovun bildirdiyinə görə, AAAF İnşaat MMC regionlarda inşa etdiyi idman zallarından başqa əsasən Xırdalan şəhərində 4 böyük layihənin inşasına başlayıb: “AAAF park”( 519 000m2), AAAF tələbə şəhərciyi (280 000 m2), Abşeron city ( 65 800 m2) və AAAF ( Bakı -Sumqayıt şossesi. 94 000 m2)”. T.Heydərov AAAF İnşaat MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yüksək vəzifəli şəxsinin, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin böyük təzyiqləri ilə üzləşdiyini qeyd edir: “AAAF İnşaat MMC- yə qarşı yaradılan süni maneələr bütün qurumlar tərəfindən olsa da, bu gün əsas Abşeron İcra hakimiyyəti və Dövlət Vergi Xidmətinin istintaq idarəsi haqqında yazacam: Xırdalanda AAAF park layihəsindən başqa, digər üç layihə Abşeron İcra hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcova, Vergi istintaq idarəsinin əməkdaşı Pərvin Əliyevə və digər şəxsə məxsus olan layihələrdir. Dəfələrlə müraciət etməyimə əhəmiyyət verməyən bu insanlar özlərini Firon kimi aparmağa davam edirlər. Borclarını ödəmək əvəzinə, hər zaman tutduqları mövqedən istifadə etməklə məni belə borclu çıxarmağı bacarırlar. Şirkətlərimizə 2012- ci ildən başlayaraq əsassız müdaxilələr sayəsində AAAF İnşaat MMC- nin 50 faiz təsisçi payı və direktor vəzifəsi vergi istintaq idarəsinin əməkdaşı olan Pərvin Əliyevə verilib. Bu gün bu layihələrdən yaranan külli-miqdarda vergi və digər borclar ödənilmədiyindən MMC çıxılmaz bir vəziyyətə düşüb. 8 ildir ki, MMC-nin hesabları bağlıdır və öhdəliyində isə minlərlə ailənin mənzillərinin təhvil verilməsi kimi böyük çətinlikləri var. Bundan başqa, AAAF İnşaat MMC tərəfindən razılaşdırılmış qaydada tikilən mənzillərin müəyyən hissəsi mənzil fonduna verilmişdir. Əlavə olaraq isə zirzəmi və mansard mərtəbələrin idmançılara və idmana xərclənməsi tikintinin böyük sahəsini təşkil etmişdir. Bu sahələrin vergi borclarının ödənilməsinin bizə yüklənilməsi ədalətsizlikdir. İcra hakimiyyətindən mənzil fonduna verilən evlər barədə arayış verilsə də, vergilərdən bu borcların yalnız bir qismi silinmişdir”. Bu cür açıqlamalar verən, cəsur bir şəkildə adlar çəkən məşhur bir iş adamı bizim diqqətimizdən yayınmadı. Onu efirə dəvət etdik ki, bilək - bu iddiaları səsləndirirsə, həmin iddiaları sübuta yetirəcək faktlar varmı, hansılardır? Prezident İlham Əliyev ‘’İş adamlarına uzanan çirkin əllər kəsilməlidir’’, deyirsə, Tofiq Heydərovun və AAAF-ın timsalında bu əllər niyə kəsilmir? Və bir iş adamının timsalında ümumi iş – biznes mühitinin durumunu öyrənməyə çalışaq! Suallarımız çoxdur. - Ölkənin tikinti sektorunda sahibkarlar hansı çətinliklərlə üzləşirlər? -Məlumdur ki, tikinti iqtisadiyyatın aparıcı sahələrindən biridir. Son illərdə Azərbaycanda bu sahədə geriləmə var. Bunun qarşısını necə almaq olar? Dövlətin burada hansı rolu ola bilər? - Müraciətinizdə adını çəkdiyiniz məmurlar var – 3 layihənizi əlinizdən alıblar deyirsiniz. AAAF İnşaat MMC-də onların payı rəsmiləşibmi? Bunu sənədlə sübut edə bilərsinizmi? - Məmurlar paylarına uyğun şəkildə maliyyələşmədə iştirak etmirlər. Siz onlarla görüşüb vəziyyəti müzakirə etmisinizmi? - Hazırda sahibkarlıq fəaliyyətinizə hər hansı maneə varmı? - ‘’AAAF Qarabağ’’ adlı bir layihəniz vardı. Hələ torpaqlarımız işğaldan azad edilmədən o layihə gündəmdə idi. Şirkətiniz Qarabağda inşaat işlərinə müharibədən əvvəl hazırlaşmışdı. Lakin indi sizi Qarabağda görmürük. Səsiniz Lənkərandan, Astaradan gəlir. Torpaqlarımız işğaldan azad edilib, sizin də hazır layihələriniz var. Üstəlik, Prezidentimiz də çağırış edir, öz iş adamlarımıza ki, gəlib, inşaatla məşğul olasız. Niyə Qarabağda yoxsunuz, orada iş görmürsüz? Bu və digər sullarla məşhur və həm də qalmaqallı iş adamı Tofiq Heydərovla Canlı debatımız efirdədir.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics