Videonun müddəti: 4:51 Baxış: 301 Əlavə edilib: 2022.07. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Azərbaycan reallığı - bayramda otellərdə yer qalmayıb

Bu gündən Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.

Musavat.com-un xəbərinə görə, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) iş olmayacaq.

Növbəti iş günü iyulun 13-dədir.

Artıq hamıya məlumdur ki, bayram, istirahət günlərində bir çox tur şirkəti müxtəlif turlar təşkil edir.

Bəs həmin turların qiymətləri neçəyədir? Ümumiyyətlə şirkətlərin tətbiq etdiyi qiymətlər necə tənzimlənir? Təhlükəsiz tur şirkətləri hansılardır?

Bir vətəndaşın oteldə dincəlməyi neçə manata başa gəlir? Xüsusi endirim təklifləri varmı?

TV Müsavatın əməkdaşları da mövzu ilə bağlı araşdırma aparıb, suallara cavab tapmağa çalışıb.

Mövzu ilə bağlı Turizm Agentliyinin Mətbuat Xidmətinin katibi Gülnar Mustafayeva “Yeni Müsavata” açıqlamasında tur şirkətlərinin lisensiyasız fəaliyyət göstərdiklərini bildirib:

“Hazırda onların fəaliyyətinə nəzarət mexanizmi yoxdur. Ona görə də qiymət tənzimlənməsi bazar iqtisadiyyatında tələb-təklifə görə formalaşır”.

G.Mustafayeva vətəndaşların ən çox hansı bölgələrə üz tutduqlarını da açıqlayıb:

“İnsanların ən çox şimal, şimal-qərb, qərb və cənub bölgələrinə turizim koridorları üzrə yerləşən turizm destinasiyalarına üz tuturlar.

Həmin bölgələr şimalda Quba-Qusar, şimal-qərbdə Şəki-İsmayıllı-Qəbələ, qərbdə Göygöl-Gəncə, cənubda isə Lerik-Lənkəran istiqamətləridir”.Turizm eksperti Azad Şiriyev “Yeni Müsavat”a açıqlamasında statistikaya əsasən iyunun 14-nə qədər ən çox üz tutulan rayonların Şamaxı və Lənkəran olduğunu bildirib:

“Tur şirkətlərinə ən çox müraciət edənlər məktəblilər idi. Statistikaya nəzər yetirsək iyunun 14-nə qədər ən çox müraciət olunan rayonlar Şamaxı və Lənkəran rayonları idi. Hazırda bütün istiqamətlərə turlar mövcuddur. Demək olar ki, regionlardakı otellərdə artıq boş yerlər qalmayıb. Xüsusən də 5 ulduzlu otellərdə.
1 günlük turların da əksəriyyəti dolub. Həmin turlar əsasən Quba-Qusar bölgələrinə olan turlardır. Həmin bölgərə turist axımı olduqca çoxdur. Lakin son zamanlarda yollarda olan problemlərə görə turistlərin sayın da bir qədər azalma ola bilər. Qiymətlər isə 25,27, 29 manat civarında dəyişir. Ən ucuz qiymətlər isə 24 manatdan başlayır. Turlara nə isə əlavə ediləndə, yəni yemək, fotosesiya və s. bu zaman təbii ki, qiymətlərdə də dəyişiklik olur”.

Ekspert Şamaxıda baş verən qəza ilə bağlı da öz münasibətini bildirib:

“Şamaxı yolunda baş vermis qəzanın bir neçə səbəbi var. Qeyri-professional tur şirkətləri bu səbəblərdən biridir və mən vətəndaşlara müraciət edirəm ki, tur planlayarkən mütləq peşəkar tur şirkətləri ilə səfər etsinlər”.

Bəs belə şirkətləri necə ayırd etmək olar?

“Peşəkar tur şirkətlərini tanıyanlar, şəxsən həmin şirkətin özünə müraciət edirlər. Tutaq ki, vətəndaşlar peşəkar şirkətləri tanımırlar. Bu zaman cənab prezidentin də imzaladığı turizm haqqında qanun qüvvəyə minir. Bu yaxınlarda registr olacaq. Hansı ki, həmin sayta daxil olaraq peşəkar şirkətləri tapmaq mümkün olacaq. Qeyri-peşəkar şirkətlər orada ola bilməzlər.

Qəzanın olma digər səbəbləri isə qeyri-peşəkar şirkətlərin həm qızğın iş rejimində işləməsi, həm də yola bələd olmamalarından irəli gəlir. Yəni sürücülərin yolları tanımamaları, ard-arda turlara getdiklərinə görə yorğun olması, qəzanın yaranmasının əsas səbəblərindən biridir. Ona görə də, mən hər zaman demişəm ki, uzaq məsafələrə gedən avtobuslarda 2 sürücünün olması mütləqdir. Ümumiyyətlə tur şirkətləri ilə səyahət edərkən müqavilə də tələb olunmalıdır”.

Sosial şəbəkərdə qarşımıza çıxan tur şirkətlərinin təklif etdiyi kampaniyalara nəzər saldıqda 1 gecə, 2 günlük turların qiymətinin minimum 85 manatdan başladığını öyrəndik. Bir nəfər üçün nəzərdə tutulan belə paketlərə adətən tur rəhbəri, nəqliyyat xidməti, fotosesiya, səhər yeməyi, müxtəlif məkanlara ekskursiyalar, və gecələyəcəkləri otellərin təqdim etdikləri xidmətlər daxildir.

Gündə 3 dəfə qidalanma ilə olan tur qiymətləri minimum 110 manatdan başlayır.

Qurban bayramına özəl olan 3 gün, 2 gecəlik tur paketləri də sosial şəbəkələrdə tapmaq mümkündür. Həmin turların qiymətləri də 139 manatdan başlayır. Turdan əlavə otellərin özlərində xüsusi endirimlərin olub-olmadığını da öyrənməyə çalışdıq.

Aldığımız cavablara əsasən məlum olur ki, ortalama 4 nəfərlik bir ailənin 1 günlük 1 otaqlı mənzildə istirahəti 80-100 manat, 2 otaqlı 120-140 manat, 1 otaqlı, 2 mərtəbə yataqlı mənzilin qiyməti isə 70 manat təşkil edir.

Həmin qiymətə səhər yeməyi, otelin xidmətlərindən və hovuzdan istifadə daxildir. Bayrama özəl isə adətən otel tərəfindən deyil, tur şirkətlərinin tətbiq etdiyi kampaniyalardan yararlanmaq mümkündür. Yəni, əksər otellərdə qiymətlər standart olaraq qalır və yalnız özləri kampaniya başladarsa dəyişir.

Təbiidir ki, qiymətlər otelin yerləşdiyi əraziyə, ulduzuna görə də dəyişir.
Kateqoriyalar: Reportaj